Bu il ilk dəfə ölkəmizin .NET developerlərini bir yerə toplayırıq. DOTNET Konf Azərbaycan noyabrın 23-də Bakıda ADA Universitetində keçiriləcək.

Bu tədbiri təşkil etməkdə məqsədimiz ölkəmizdə proqramlaşdırmanın inkişafına təkan vermək, yeni başlayanlara yardımçı olmaq, bu sahədə bir community formalaşdırmaq və networking-dir. Əslində demək olar ki, bir çox ölkələrdə, o cümlədən yaxın qonşu ölkələrdə bu tip tədbirlər mütəmadi olaraq təşkil olunur. Sosial şəbəkələrdən bu tip şeyləri aktiv təqib edirəm. Hətta deyə bilərəm ki, hər bir texnologiya və ya proqramlaşdırma sahəsi üzrə community formalaşıb və formalaşır. Belə community-lər mütəmadi olaraq kiçik meetup-lar şəkilində və ildə bir və ya bir neçə dəfə böyük həcmli konfranslar şəkilində görüşlər keçirirlər. Texnologiya sürətli inkişaf etdiyindən və geniş olduğundan hamımız hər sahədə tam mütəxəssis ola bilmirik və bu mümkün də deyil. Bu tip tədbirlərdə əsasən müəyyən texnologiya üzrə təcrübələr və "best practise"-lər paylaşılır.

Qısa şəkildə sadə bir misal çəkim.

Məsələn siz bir texnologiyanı öz işinizdə tətbiq etmək istəyirsiniz. Siz bunu əvvəlcə dokumentasiyadan və əlavə resurlardan araşdırırsınız və sonra müəyyən testlər aparıb tətbiq edirsiniz. Amma məsələn xüsusi hallarda bu texnologiyanın necə davranacağını, performans məsələlərini və s. əvvəlcədən tam təxmin etmək mümkün olmur. Bu texnologiya ilə son bir ilini keçirən mütəxəssis isə qısa bir çıxış ilə "qarşıda sizi nə gözləyir" haqqında məlumat verir, siz sərf edəcəyiniz xeyli vaxtı qısaltmış olur və ən önəmli faktorlara əsasən o texnologiyanı istifadə edib və ya etməyəcəyinizə qərar verirsiniz.

Bu il ilk dəfə könüllü olaraq bu konfransı təşkil etmək qərarına gəldik. Bir çox çətinliklərlə qarşılaşsaq da dəstək olanlar da çox oldu. Onların sayəsində bu tədbiri təşkil edə biləcəyik. Ümid edirəm ki, faydalı bir tədbir olacaq və hamımız yeni nəsə öyrənəcəyik !

Tədbir haqqında daha ətraflı http://dotnetkonf.az/ saytından məlumat əldə edə bilərsiniz